Ağrı Dağı Rahile Dövran Sayı:
92 -
Ey Türk torpağının qüdrət simvolu,
Varlığın düşməni əzir, ağrıdır.
Zirvəndən başlanır kəhkəşan yolu,
Yurdun qeyrətisən adın Ağrıdır.
Sıldırım qayalar nəhəngdən nəhəng,
İgid babaların başda börküdür.
Mərd oğlun, mərd qızın qəzəbli pələng,
Qartal avazları mahnı, türküdür.
Köksündə neçə min düyünlü sirr var,
Laçınlar, şahinlər qıyya çəkərlər.
Parlayan ulduzlar qəndil, çıraqlar,
Buludlar çiçəyi şehə bükərlər.
Haçadağ bir ömür qəmini çəkdi,
Külək gətirərdi sənə xəbəri.
Qardaşsız qəlbinə qaranlıq çökdü,
Səndən böyük idi onun kədəri.
Sənə qovuşalı bilmirəm nədən,
Türkün zəfərinə ellər əl çalır.
Sevincdən yatmıram gecə sübhəcən,
Zirvən ucaldıqca düşmən alçalır.
Ağrı, Haçadağa sarılıb deyə,
Dövranam, zamanı alqışlayıram.
Həsrət buxovları qırılıb deyə
Tarixin səhvini bağışlayıram.
|