Ögey ürəyimin əsdiyi vətən,
Gözünü yedirtdin yadın gələndə.
Mən sənə doğmayam, mənə qərib sən,
Nəfəsim kəsilər adın gələndə.
Torpaq sevgim idi verdiyim yelə,
Keçdi körpülərin altdan çox sular.
Üstündə tuturam mən səni elə,
Altında gözümün dibi soğular.
Köpəklər çeynədi çiy ömrümüzü,
Çətin dadı qalsın ağıl dişində.
Adamın dönməyə olsa da üzü,
Olmur qayıdışı hər gedişin də.
Görməsin, gözümə qara zülmət çək,
Qan-irindi axan o paslı novdan.
Səninki zülm etmək, mənimki dözmək,
Bir gün bezməyim var bu qaçdı-qovdan.
Biz ki, ibrət dedik alası dərsə,
Qalar izlərimdən bir az yanda yol.
Üstündə addımım qərib düşərsə,
Dönüb doğma olmaz salğayanda yol.
Çat-çat sinəsində bitməz ümid tum,
Halal çörəyimi kəsdiyi vətən.
Bir gün dönəcəyim torpaqdı arzum,
Bir də ürəyimin əsdiyi vətən.