MƏHƏBBƏT Şəfa EYVAZ Sayı:
96 -
Nə qədər qaçsan da küncə bucağa,
Gəlib düz içindən keçər məhəbbət.
Doldurar badəyə şərbət əvəzi,
Axan gözyaşını içər məhəbbət.
İcazə istəməz, çalar qəlbini,
Gözyaşı gətirər, verməz səadət.
İçində cücərən yaşıl ümidi,
Qazıyar kökündən, biçər məhəbbət.
Qapayar, gözlərin doğrunu görməz,
Dilində bal dadar acı həqiqət.
Getmək istədimi əliboş getməz,
Ruhunla dünyadan köçər məhəbbət.
Dəlib ürəyini keçsə də gözəl,
Axan göz yaşını içsə də gözəl.
Ruhunla dünyadan köçsə də gözəl…
Nəğmədi, haraydı, haydı məhəbbət
Tanrıdan insana paydı məhəbbət…
|