Bağışla Eldar Nəsib SİBİRYEL Sayı:
102 -
Dedim: – Bu dünyada həmdəmim ol, gəl,
Mənim öz sevincim, öz qəmim ol, gəl,
Bir səsəm, həm zilim, həm bəmim ol, gəl,
Bilmədim, xətrinə dəydim, bağışla.
Küsmə ətəyindən gəl tök daşını,
Səpməyib arxanca mən göz yaşımı.
Heç vaxt əyilməyən məğrur başımı.
Mən sənin önündə əydim, bağışla,
Bilmədim, xətrinə dəydim, bağışla.
Mən sənin möhtacın, mən sənin xəstən,
İnsaf et, yerimi sal sinən üstdən.
Eşqindən, sevgindən öylə sərməstəm,
O gün də sərxoşdum, nəydim, bağışla,
Bilmədim, xətrinə dəydim, bağışla.
Elə ki, səsləndi dilində adım,
Çıxdı öz yadımdan yaddaşım, yadım.
Sevgindən bu yerə, göyə sığmadım.
Dünyanı əynimə geydim, bağışla,
Bilmədim, xətrinə dəydim, bağışla.
Əhdini öz əhdim, ilqarım bilib,
Səni öz sevgilim, öz yarım bilib.
Özümü mən sənin Eldarın bilib,
Bir qədər yanında öydüm, bağışla,
Bilmədim, xətrinə dəydim, bağışla
|