Xocalı Qafqaz ƏVƏZOĞLU Sayı:
109 -
Köməyinə yetişmədi kimsəsi,
Haray çəkib hey ağladı Xocalı!
Çalın-çarpaz dağlar gördü sinəsi,
Dərdimizə dərd bağladı Xocalı!
Aman Allah, haraya bax, haya bax,
Tük ürpədən qışqırtıya-qıya bax,
Bu millətə bu verilən vaya bax,
Yas içində yas saxladı Xocalı!
Güllələdi öz qızını ər ata,
Ana boğdu körpəsini – səs yata.
Ölən öldü, düşən düşdü it-bata,
Başdan-başa qan çağladı Xacalı!
Qarı düşmən düşmənliyin eylədi,
Ta körpədən qarıyacan teylədi.
Heç bilmədik apardığın neylədi,
Düşüb bir-bir soraqladı Xocalı!
Bu hayları bu yanlara kim atdı,
Neçə-neçə faciələr yaratdı.
Əldən getdi namus, qeyrət – ta batdı,
Sinəmizdə yağ dağladı Xocalı!
Sükutuna qərq olmuşuq heyrətin,
Oturmuşuq şivəninə millətin.
Mən biləni bu millətin qeyrətin,
Qeyrətiylə tam yoxladı Xocalı!..
|