Kardelen'i DergiKapinda.com sitesinden satın alabilirsiniz.        Ali Erdal'ın yeni kitabı TÜRK KİMLİĞİ çıktı        Kardelen Twitter'da...        Kardelen 32 Yaşında!..       
    Yorum Ekle     590 kez okundu.     1 yorum bırakıldı.     Yazara Mesaj

“QARANLIĞI” YAZANIN GECƏSİ...
Habil Yaşar

  Sayı: 114 -

Ax, o qədər yorulmuşam ki... Qələmi sındırıb, kağızı da cırmaq istəyirəm. Ax, deyəsən həqiqətən yorulmuşam, özü də lap çox. Yorulmaq nədir ki... Ondan da betər olmuşam. Usanmışam, bezmişəm, lap cana gəlmişəm.

Bir qədər köks ötürdükdən sonra:

İlâhî, gör nə qədər havalanmışam ki, kompüter qarşımda dura-dura yazıq qələm-kâğızı danlayıram. Axı çoxdandır kompüterlə yazdığımı da unutmuşam. Bunu bildiyim halda nədən qələm-kağızı günahlandırdım ki... Xeyr, onların zərrə qədər də günahı yoxdur. Günahkâr, bəli, günahkâr məhz kompüterdir. Ax səni kompüter, insan icadı olmağına baxmayaraq, deyəsən yavaş-yavaş insanı da üstələməkdəsən. Üstələ, üstələ görək axırda nə edəcəksən. Ya sonumuza çıxacaqsan, ya da sən də biz insanlar kimi, özün-özündən yorulacaqsan və günlərin birində kompüteri yaratdıqları üçün biz insanları danlayacaqsan, necə ki, biz də bəxtimizdən şikayət edib, bizi yaradanı, yəni Allahı müqəssir bilirik. Ax, qarışdırdım, hər şeyi bir-birinə o qədər dolaşdırdım ki, lap həftəbecər elədim. İndi mən yazmaq istəyərkən kompüterin nə günahı var ki... Ey qələm-kağız və ey kompüter, hər birinizdən dönə-dönə üzr istəyirəm. Günahkâr, bəli, əsl günahkâr elə mən özüməm. Bəli, mən günahkâram, özü də xalisindən. 1.4 kqlıq beynimi o qədər yükləmişəm ki, milyon, bəlkə də milyard kompüter ola bu yükü üzərinə götürə bilməz, error verərək fəaliyyətini dayandıra bilər. Ah, nə isə, yaman çox zəvzəklədim. Axı mən yazmalıyam. Gecənin bir aləmi (kompüterində saat 00:25 göstərir) yuxuma haram qatmağımın səbəbi yazmaq deyilmi... Elə isə yazmağı bir kənara qoyub nədən başqa şeylər haqqında düşünürəm... Nə isə, başladım yazmağa. Ya Allah.

Ya Allah demişkən, bir şey yadıma düşdü. Ah, yenə fikrimi dağıdacağam deyəsən. Hə harda qalmışdım?... Ya Allah demişkən, görəsən ateistlər yazarkən və ya hər hansı bir işə başlayarkən “Ya Allah” yerinə hansı ifadəni işlədirlər. Yəqin ki, “başladıq” deyərək başlayırlar işə. Amma... Amma nə? Yenə ağlıma bir şey gəldi. Ax mən bu cızmaqaramı nə zaman yazacağam görəsən... İllər qabaq bir ateistlə avtomobilə əyləşərkən onun “Ya Allah” deyərək sükana əyləşdiyinin özüm şahidiyəm axı. O zaman nə qədər təəccüblənmişdimsə hal-hazırda da onun təsirindən çıxa bilmirəm. Bu necə ola bilər və ya bu qədər ziddiyyət ola bilər mi? Bu dünyada hər hansı bir ateistdən “Ya Allah” sözünü eşitmək qədər qəribə nəsə ola bilər mi? Zənn etmirəm. Ax nə isə, digərlərinin nə düşünüb-düşünmədiyi nəyimə gərək. Mən öz yazımı yazmağa çalışmalıyam. Vaxt gedir, vədə gedir. Hələ istədiklərimə tam olaraq nail ola bilməmişəm. Hər saniyəmin qızıl dəyərində olduğunu bildiyim halda mümkünsüzləri mümkün etmək haqqında düşünməyimin mənə nə faydası. Onsuz dünya yaranan gündən yaxşı ya pis öz axarıyla getmirmi...

Kim onu dəyişməyi bacarıb ki, mənmi onu dəyişə biləm... Əlbəttə, bu mənim başım üçün deyil. Onda nədən vaxtımın itirilməsinə yol verirəm. Ya Allah başladım.

Toparlanıb yazmağa başlayarkən: Ax bu Nazim. Zəng etməyə vaxt tapdın da.

-Alo!

...

-Hə bildim, necəsən?

...

-Hal-hazırda yazmaqla məşğulam.

...

Yox, bu nə sözdü, xoşdu qardaş.

...

Hə, saat 5 üçün olacam “Aygün city” nin qarşısında.

...

Görüşərik, hələlik.

...

Ax, on dəqiqədir oturmuşam kompüterin qarşısında. Allahın bir cümləsini, nəinki cümləsini hattâ bir sözünü də yaza bilməmişəm. Fikrim elə dağda, aranda. Üstəlik də bu zəng. Heç hənanın  yeri idi. Mərdimazara lənət. Əstafurullah. Öz yaxın dostuma gör nə deyirəm da. Şeytana lənət. Hə lənət olsun şeytana. Odur mənim düşüncələrimi dolaşıq salaraq yazmağa qoymayan.

Azacıq sükutdan sonra:

Şeytan demişkən. Görəsən, o hal-hazırda məni görürmü? Hərəkətlərimi izləyə bilirmi?. Bəlkə də görməyinə görür. Yaxşı bəs, düşüncələrimi oxuya bilirmi? Ax, deyəsən dəli oluram. Əşi şeytanın məni görüb-görməməyi nəyimə lâzım. Adama deyərlər ki, a bala otur yazını yaz da, sənin şeytanla nə işin. Yoxsa şeytanla alış verişin var. Beynimi vurub dağıtmaq istəyirəm, olmayan beynimi. Amma yazmaq üçün beyin lâzımdır axı. Axı yazmaq mənim ən böyük ehtirasımdır. Offf... Yenə qatıb-qarışdırdım. Gah beynimi dağıtmaq istəyirəm, gah da yazmaq. Yox, yox qoy yazım. Beynimi sonra da dağıda bilərəm. Bir də ki, beynimi dağıtmaqla nə düzələcək ki... Zaman yenə su kimi axacaq, dünya da öz ətrafında həmişəki kimi fırlanacaq. Ara yerdə özümü məhv edəcəyəm. Onsuz da məhv olmuş kimiyəm. Amma indi bu müzakirələrin yeri deyil. Şeytana lənət. Yazmağa davam.

Bir qədər sükutdan sonra “Word” də ilk söz olaraq “Qaranlıqdayam” yazılmasına rəğmən...

Qaranlıq demişkən... Bir az qaranlıqdan qorxuram axı, bəlkə də bir az yox, normadan daha çox. Bəzən qışqıraraq yuxudan qan-tər içində oyanır və  bəzən də yuxuyla-oyanıqlıq arasında iflic vəziyyətində qalıram. Hattâ bir dəfə qapqara geyinmiş çarşablı qadın gecədən səhərə kimi qapının yanında dayanaraq düz gözlərimin içinə baxırdı. Qorxudan hərəkət etmək bir yana, heç səsimi də çıxara bilmədim ki, evdəkilər eşidərək məni bu gorbagordan xilas etsinlər. Çünki, işıqlar yandırılsa çox güman ki, bu zibildən qurtula bilərdim. Bu qarabasmalar məndən nə istəyir axı... Araşdırmalara görə, qarabasmalardan daha çox stress keçirən insanlar əziyyət çəkir. O ki, qaldı, mənim kimi biri ola.

Bir neçə saniyə keçmiş:

-Eşitdiyimə görə cinlər gecələr daha fəal olurlar, xüsusən də 2-4 arası. Gecələr yatarkən ayaqlarımı yorğandan çölə çıxara bilmirəm, daha çox da evdə tək olduğum zamanlar. Hattâ, bəzən bütün otaqların işığını yandırıb yatmağa çalışsam da qara fikirləri beynimdən çıxara bilmirəm. Elə bilirəm, cin və ya kâbus, xülasə siz nə düşünürsünüz düşünün, hər hansı bir şey bu dəqiqə ayaqlarımdan tutub məni evboyu sürüyəcək - sürüyəcək, axırda da məni götürüb doqquzuncu mərtəbədən yerə vıyıldadacaq. Hər şey bununla bitsə mənim üçün daha da rahat olardı. Çünki, daha dəhşətli şeylərə beynim ssenarilər qurur. Özü də daha betərindən. Cin və ya kâbus, və bəlkə də hər hansı bir bədniyyətli ruh, məni saçımdan sürükləyərək hamama gətirib ayağa qaldıraraq başımı güzgüyə çırpır. Güzgünün sınması cəhənnəm, üzüm-gözüm qan içində və azacıq sonra başımı vannanın içinə salmağa başlayır. Vanna ağzına kimi qan içində. Boğsaydı öldürüb canımı qurtarardı və mənə yaxşılıq etmiş olardı. Amma nə boğmaq. O hələ bu mənzərəni daha da dramatikləşdirərək zövq almaq niyyətindədir. Sonra məni hamamdan çıxarıb tualetə apararaq başımı unitaza soxmaqdadır. Murdar sudan bir xeyli mənə içizdirərək başımı bir neçə dəfə divara çırpmaqdadır. Divarlara sıçramış qan qorxu filmlərindəki əcaib səhnələri xatırlatmaqdadır. Sanki divarlarda qanla “ölüm” yazılmaqdadır. Səsi qonşular eşidə bilərdi, amma tərslikdən ən yaxın qonşular bir neçə gün öncə evdən getmişdilər. Sanki olacaqlardan xəbərdar imişcəsinə. Bəs niyə mənə deməmişdilər? Ax sizi xainlər. Düşünmək qabiliyyətimin tamamilə  itməməsindən bir anlıq haqsız yerə qonşuların günahını yumağımdan utandım. Axı onlar olacaqları haradan biləydilər və ya bilib nə edə biləcəkdilər ki... Kim bu ifritlə mübarizə aparmağa özündə güc tapa bilərdi... Əlbəttə, heç kim. Nə isə, harada qalmışdım. Bəlkə heç ardını davam etməyim və bəlkə davam edim. İki od arasında qalmışam vallah. Axı mən yazı yazmalıyam. Bu nə qaranlıq düşüncələrdir yenidən yaxaladı məni.  Yox heç nəyə baxmayaraq davam edəcəyəm. Hə burda qalmışdım axı. Murdar sudan bir xeyli mənə içizdirərək başımı bir neçə dəfə divara çırpdıqdan sonra məni sürüyərək mətbəxə aparıb başımı yanmaqda olan qazın üzərinə yaxınlaşdırdı. Dərim əriyərək ətrafa süzülməkdə idi.  Amma son nəfəsimi verməyənə kimi bu əzabları yaşamalı, baş verənləri müşahidə etməli idim. Çünki, Əzrayıl adlandırdığımız ölüm mələyi hələ gəlib çıxmamışdı. Deyəsən onun da bu mənzərəyə tamaşa etməkdən xoşu gəlirdi, özü də adını mələk qoyub. Həm də onu niyə qınayım ki, zatən adı üstündə “ölüm mələyi” deyilmi?  Bu mənzərəyə şahid olan bir Əzrayıl olacaqdı. Yox unutdum, əstafurullah, bir də ki, Allah. Ax Allah, bu bəlanı sən mənə necə qıydın? Offffff deyəsən dindən-imandan çıxıram. Yavaş-yavaş mürtədə çevrilirəm. Allah bağışla məni! Bağışla məni Allah! Məni bağışla ki, mən də səni bağışlayım. Çəkdiyim bu əzabları taleyimə sən yazmamısanmı? Cinləri, şeytanları, ruhları, kâbusları sən yaratmamısanmı? Yaratdıqlarından daha çox səndən inciyirəm Allah. Offff, gör mən nələr danışıram, nələr düşünürəm Allah. Xətasız qul olmaz. Allah bağışla məni! Bağışla məni Allah! İllər öncə yazdığım bir şeirdən bu misralar indi necə də yerinə düşür:

Nədir bu qaranlıq? nədir bu zülmət?

Varmı bu dəhşətin sonu ilâhî?

Canı sən vermisən, sənə əmanət,

Qoru qaranlıqdan onu ilâhî!

Ax, qaranlığı yazmaqdaykən haradan gəldi beynimə bu yarı sərsəm, yarı həqiqətin özü olan fikirlər.  Bəlkə heç bu haqda yazmayım. Başqa maraqlı bir mövzu daha gözəl olmaz mı... Yox. Elə əsas qorxduğum şeylərdən yazmaq arzusunda deyildim mi... Bu yaxşı mövzu ola bilər. Elə isə mövzunu əsla dəyişməyim.

Kompüterin enerjisi də bitmək üzrədir. 3 faiz qalıb. Görəsən adaptrı hara qoymuşam.  Ax, bayaqdan hər şeyi fikirləşirəm, xəyallarımla kâinatı fəth edirəm amma gözümün qarşısındakı adaptrı görməyəcək qədər kor olduğumundan xəbərsizəm.

Adaptr sayğaca qoşulduqdan bir az sonra “facebooka” ismarıc gəlir:

-“Qardaş hələ yatmamısan? Saat dördə işləyir”

-Bir buna deyən lâzımdır ki, a zalım balası bəs özün neyçün yatmamısan... Deyən lâzımdır deyəndə ki, niyə də özüm yazmayım ki...

O, da eyni sualla ismarıc yazaraq göndərir. Unutmayaq ki, o yazanda da, yazmayanda da həmişə facebook səhifəsi “online” olur.

-Nə isə yenə də mərdimazara...Bir az fikirləşdikdən sonra:

Dörd saatdan çoxdur ki, sadəcə bir söz yazmışam-“Qaranlıqdayam”. Belə getsə deyəsən heç nə yaza bilməyəcəyəm. Səhər açılmamış soruşacaqlar ki, nə oldu bir şey yaza bildin? “Hə” desəm onsuz da oxumayacaqlar. “Yox” desəm bəs niyə gecədən səhərə kimi dəli kimi otururdun? Heç olmasa başqa bir iş görəydin”-deyəcəklər. Daha nə bilsinlər yazmağın necə mürəkkəb bir proses olduğunu. Bir cümləni yazmaq üçün bir gecənin nə qədər qısa və bəlkə də, məsələn, bir romanı yazmağın bir ömrü yaşamaqdan daha çətin olduğunu, hardan bilsinlər. Onsuz da bilməyəcəklər. Bilməyəcəkləri, anlamayacaqları bir şeyi sübut etməyə çalışmağın nə faydası. Bohemada¹ yaşamağı o qədər arzulamışam ki... Şairlərin, rəssamların ümumiyyətlə sənət adamlarının məskunlaşdığı bir məkanda yaşamaq. Onlar da səni anlamasa o zaman kimlər anlayacaq ki... Bəlkə də ətrafımda məni anlayacaq biriləri vardır, amma o birilərini kəşf etmək üçün bəlkə də bir ömür kifayət etməyə bilər. Bu səbəbdəndir ki, Bohema arzularım arzu olaraq qalmaqdadır. Çox təəssüf... Amma saatlar gəlib keçməkdədir. Qarışıq düşüncələrin əlindən “Qaranlıqdayam” sözündən başqa heç nə yazılmamaqdadır. Amma nəzərə alsaq ki, bir tək “qaranlıqdayam” sözünün özü belə böyük bir məna kəsb edir. O zaman heç nə yaza bilməmişəm sözünün özü belə haqsızlıq sayılmazmı. Doğru olmağına doğrudur. Amma söhbət hansı qaranlıqdan gedir onu oxuculara əsaslandırmalı, bir səhifə də olsun nəsə bir şey yazmalıyam. Əks halda, “qaranlıqdayam” sözü nəinki oxuculara, hattâ özümə belə həmişə  qaranlıqda qalacaq. Bu qaranlığı yarmaq üçün kiçik bir hekayə belə yetər. Kiçik şeylərin çox zaman böyük iztirablardan doğduğunun fərqindəsiniz mi?

Düşüncələrlə keçən bir saatdan sonra bayırdan sübh azanı eşidilməkdədir. O, da:

-Bəli, Allah böyükdür. Bizim dərk edə bilməyəcəyimiz qədər böyük. Elə isə nədən ikinci cümləni “Allah böyükdür” olaraq yazmayım. Bundan gözəl söz varmı... O zaman bu sözü mütləq yazmalıyam. Bax bu da iki cümlə... ”Qaranlıqdayam. Allah böyükdür”. Bəs növbəti cümlə necə yazılmalıdır? Ah mən necə də səfehəm. Səfehin ta yekəsiyəm. Bax bu da növbəti, üçüncü cümlə: “Qaranlıqdan Allahın böyüklüyünə sığınıram”.

Və beləcə “Qaranlıqdan Allaha sığınanlar” adlı altı səhifəlik bir hekayə günəş doğmaqda olarkən tamamlanmış oldu.


Bu yazıya yorum ekleyin

Adınız
E-posta Adresiniz
Yorumunuz
 

CAPTCHA


Resimdeki rakamları bu alana yazınız


Eklenen Yorumlar


Ekleyen : Irade    17.11.2022
Yorum : Tebrik edirem sair





 
“QARANLIĞI” YAZANIN GEC&#... - Sayı 114
SMS... - Sayı 113
Tüm Yazıları

ASKIDA ABONELİK: Siz de "askıda abonelik kampanyası"na destek olmak ister misiniz?

Gelecek sayının konusu (123):
"Mülteci" meselesine bakış...

Son Eklenen Yorumlardan
 Eline, canına, yüreğine sağlık olsun hocam. Allah razı olsun Bu güzel için teşekkürler.... osman eroğlu

 Şiirin bestesini firdevs altındaş yaptı ve kendisi okuyor. Sevgiler...... Dilara

 Çok teşekkür ederim Amin hepimize🤲🤲... Ayşenur

 Çok beğendim.Buna benzer yazılar çokça işlenmeli.... mahir

 mükemmel anlatım; af etmiş olsan da gönül kırıklığı çok acı veriyor. buna öneriniz , makaleniz olur ... dr. Elvira


Cinayet, hırsızlık, fuhuş, içki, kumar ve uyuşturucu karışımından ibaret düzeni ambalajlayıp medeniyetin ta kendisi diye yutturmak isteyen “tek dişi kalmış canavar”a karşı hani, “iman dolu göğsümüz” vardı?
Kardelen: Sayı 1, Temmuz 1993
Yalnız ve başıboş değiliz
İranın neye ihtiyacı var?
Tevhid yoksa huzur da yok
Kaleme yemin
Öz musikimizin piri: Mustafa Itrî Efendi
Ah
Eşek ve deve


Ali Erdal - İranın neye ihtiyacı...
Kadir Bayrak - Fars irfanı var mıdı...
Necip Fazıl Kısakürek - Devletleşen şiilik
Ekrem Yılmaz - Bizden gibi görünen
Ekrem Yılmaz - Al beni
Dergi Editörü - Kaleme yemin
Site Editörü - Tevhid yoksa huzur d...
Necdet Uçak - Ömür
Kardelen Dergisi - Kardelenden Haberler
M. Nihat Malkoç - Öz musikimizin piri:...
M. Nihat Malkoç - Filistin için ne yap...
Hızır İrfan Önder - Dermansız dertlere s...
Nihat Kaçoğlu - Serçelerin sesi
Mehmet Balcı - Almanya
Ahmet Çelebi - Bilemem
İktibas - İşte Budur Humeynî D...
Muhsin Hamdi Alkış - Fars palavrası
Kubilay Ertekin - Eşek ve deve
Halis Arlıoğlu - Gülerek günah işleye...
Erdem Özçelik - Geçmişten Geleceğe
Remzi Kokargül - Çoban çeşmesi
Murat Yaramaz - Çapraz sorgu
Gözlemci - Olayların düşündürdü...
Mahmut Topbaşlı - Sırt döndüğüm şiirle...
Mevlüt Yavuz - Umutsuz
Cemal Karsavan - Aşk uyanır sabaha
Bekir Oğuzbaşaran - Âhir zaman ümmetiyiz
Yaşar Akyay - Yalnız ve başıboş de...
Yaşar Akyay - Hayatın Kaynağından ...
Yaşar Erim - Camiler boşaldı
Cahit Can - Türk farkı
İbrahim Durmaz - Yunusca
 
 
23 Mart 2005 tarihinden beri
 Ziyaretçi Sayısı Toplam : 14638493
 Bugün : 1069
 Tekil Ziyaretçi Sayısı Toplam : 632623
 Bugün : 65
 Tekil Ziyaretçi Sayısı (dün) Toplam : 87
 122. Sayıya Bırakılan Yorum Sayısı Toplam : 2
 Önceki Sayıya Bırakılan Yorum Sayısı Toplam : 5
Son Güncelleme: 13 Eylül 2024
Künye | Abonelik | İletişim