Keşik çəkir Rafiq Oday Sayı:
99 -
Qucaq açdi gülə sinəm,
Bəlkə bir az gülə sinəm.
Gözlərimin giləsinə
Bir damla yaş keşik çəkir.
Həyadan yana tər sinə,
Üz qızara, tər isinə.
Yaxşı ki, deyil tərsinə,
Ayağa baş keşik çəkir.
Üzdü xəyanət canımı,
Yurda əmanət canımı.
Namərd kəsdirib yanımı,
Əlində daş keşik çəkir.
Alsa ruhunu dərd ələ,
Budur ən böyük dərd elə,
Olub bir sürü dərd ilə,
Bağrım badaş, keşik çəkir.
Ahım haradan haraya...
Yetiş, Yaradan, haraya,
Ölümü qoyub araya,
Göz ilə qaş keşik çəkir.
|