Gözəl, nə gözəl... Rafiq Oday Sayı:
99 -
 Çarıq geyib, düşdüm yola, gedirəm,
Heç baxmadan sağa, sola, gedirəm,
Qırx budaqlı ağac* ola, - gedirəm,
Altının kölgəsi gözəl, nə gözəl!
Ozanlar axışıb gələ dalımca,
Nadanlar baxışıb gülə dalımca,
Xaqanlar yığışıb gələ dalımca, -
Metesi, Bilgəsi gözəl, nə gözəl!
Sel çəkilə, lax durula qəlblərdə,
Haqq əliylə baxt qurula qəlblərdə.
Eşq adında taxt qurula qəlblərdə,
Əhd-peyman bəlgəsi gözəl, nə gözəl!
Köksümün altında alışan köz var,
Hələ yol gözləyən gör neçə söz var,
Eşqimi bir qıza eylədim izhar,
Zalımın “bəlkə”si gözəl, nə gözəl!
Saflıq, paklıq dində ola – öyünək,
Tabaqlarda kündə ola – öyünək,
Yalan, riya gendə ola – öyünək, -
Deyələr ölkəsi gözəl, nə gözəl. (05.09.2016)
* 40 dil, ləhcə və ya şivədən ibarət Türk dilləri ailəsi nəzərdə tutulur.
|