DƏRD İÇİNDƏ GÜLƏN QADIN Eyyub MEMMEDOV Sayı:
114 -
Saçlarına düşübdür dən,
Dərd içində gülən qadın.
Qəm süzülür gözlərindən,
Dərd içində gülən qadın.
Qəlbindəkin biləydim kaş,
İç dünyana gələydim kaş,
Azarını böləydim kaş,
Dərd içində gülən qadın.
Necə keçmisən sədləri,
De, çoxmu gördün bədləri?..
Boş gördün hər cür vədləri,
Dərd içində gülən qadın.
Daxilində tufan oldu
Qüssə səndə yaman boldu,
Eşq badən də qəmlə doldu
Dərd içində gülən qadın.
Bir gül idin öz bağında,
Nə tez soldun budağında?
Ümid öldü sol-sağında,
Dərd içində gülən qadın.
Sevgi oldu sənə yalan,
Həyat oldu sənə dalan.
Xoşbəxtliyə yoxdur güman
Dərd içində gülən qadın.
|